Bu gün Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının (ASVXA) təşkilatçılığı ilə I Beynəlxalq süd vəzi xərçəngi konqresi işə başlayıb.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konqresdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli süd vəzi xərçənginin çox ciddi ictimai problem olduğunu bildirib. Onun sözlərinə görə, dünya ölkələri üzrə statistika da bunu təsdiqləyir: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il bir milyondan çox yeni xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu patologiya xəstəlikdən ölüm hallarının təxminən 50 faizini təşkil edir. Son 20 ildə diaqnostika və müalicəsində əldə edilən inkişafa baxmayaraq, süd vəzi xərçəngi və ağırlaşmalarından vəfat edən xəstə sayı hələ də az deyil”.

Öz çıxışında səhiyyə nazirinin müavini, professor İlqar Qasımov beynəlxalq konqresin aktual problemə həsr olunduğunu qeyd edib. Dünyada hər 8 qadından birinin bu xəstəliklə üzləşdiyini bildirən professor İ.Qasımov ölkəmizdə onkoloji xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi üzrə aparılan işlər haqqında danışıb. Səhiyyə nazirinin müavini bu xəstəliyin müalicəsində erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayaraq. bu baxımdan maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ATU-nun Onkologiya kafedrasının müdiri, universitetin Onkoloji Klinikasının direktoru, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu konqresi bütövlükdə Azərbaycan səhiyyə ictimaiyyəti üçün son dərəcə önəmli bir hadisə kimi qiymətləndirib. Qeyd edilib ki, dünya üzrə onkoloqların səylərinə baxmayaraq, süd vəzi xərçənginə yoluxma və ölüm göstəriciləri ilbəil artır: “Ölüm göstəriciləri mütəxəssisləri qane etmir. Lakin bir məqamı qeyd etmək istərdim ki, ötən əsrin sonlarına nisbətdə indi ölüm göstəricilərini stabilləşdirmək və 35-40 faizə qədər azaltmaq mümkün olub. Bu da göstərilən sahədə olan ciddi innovativ işlərin, elmi tədqiqatların nəticəsidir”.

Öz çıxışında Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının sədri professor Atilla Soran bildirdi ki, beynəlxalq konqres tibb elminin inkişaf potensialını və ölkələrin xüsusiyyətlərini nəzərə almaqla gələcək üçün ən optimal qərarların tapılması, eyni zamanda elmi tədqiqatların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar aktual məsələləri müzakirə edərək, onkoloji xidmətin təkmilləşdirilməsi, tibbi qayğının keyfiyyətinin yaxşılaşdırılmasına yönələn əməkdaşlıq layihələrinin başlanğıcını qoyacaqlar.

ATU-nun Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva konqresin əsas məqsədinin müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri olan xərçəng haqqında məlumatlılığın artırılması, diqqəti bu xəstəliyin qarşısının alınması, aşkar edilməsi və müalicəsinə yönəltməkdən ibarət olduğunu bildirib. Həmçinin, ölkələr arasında əməkdaşlığı gücləndirmək, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu bildirib.

Qeyd edək ki, iki gün davam edəcək I Beynəlxalq süd vəzi xərçəngi konqresində 200-ə yaxın mütəxəssis iştirak edir. Konqres. Tədbir çərçivəsində Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının geniş toplantısının keçiriləcəyi, yeni elmi araşdırmalara təkan verəcək elmi jurnalın təsis olunması planlaşdırılır.