Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının və Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun birgə təşəbbüsü ilə Bakıda “Süd vəzi xərçəngi müalicəsində sübutlu təbabətin və multidisiplinar əməkdaşlığın inkişafı” adlı beynəlxalq elmi-praktik konfrans baş tutub.

Tədbir Tianjin Anti-Kanser Assosiasiyası nümayəndələrinin Liv Bona Dea Hospitala rəsmi ziyarəti ilə başlayıb. Ziyarət çərçivəsində xəstəxananın müasir infrastrukturu, xüsusilə cərrahiyyə blokunun təşkili, texniki təchizatı və klinik iş axınının təşkili əyani şəkildə təqdim edilib. Əməliyyat zalında icra olunan canlı cərrahi müdaxilə yerli və xarici mütəxəssislər tərəfindən təhlil olunaraq elmi müzakirəyə çıxarılıb.

Konfransın elmi hissəsi Yeni Klinikada davam edib. Tədbirdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova, Yeni Klinikanın direktoru Barat Yusubov, Səhiyyə Nazirliyinin Ana və Uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşı Şəbnəm Qurbanova, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təsisçisi və prezidenti Həqiqət Vəliyeva, Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun və Xəstəxanasının vitse-prezidenti Shen Jun, Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun və Xəstəxanasının, Tianjin Anti-Kanser Assosiasiyasının prezidenti Hao Jihui çıxış ediblər. 
Yerli və Çin Xalq Respublikasından olan mütəxəssislərin iştirakı ilə multidisiplinar “Tumor board” təşkil edilib. Real klinik hallar üzərində aparılan müzakirələr əsasında fərdi müalicə planları hazırlanıb, beynəlxalq təcrübələr paylaşılıb.

Konfrans çərçivəsində Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası ilə Tianjin Tibb Universitetinin Xərçəng İnstitutu və Xəstəxanası, həmçinin Tianjin Anti-Kanser Assosiasiyası ilə Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu sənədlər gələcəkdə elmi tədqiqatların, akademik mübadilənin və klinik əməkdaşlığın inkişafını hədəfləyir.
Konfransın sonunda iştirakçılar üçün “Praktik süd vəzi ultrasəs müayinə kursu” təşkil olunub. Kurs zamanı müasir təlim maketləri üzərində müxtəlif növ biopsiya və işarələmə texnikaları əyani şəkildə təqdim edilib, canlı modellər üzərində süd vəzinin müxtəlif patologiyalarına dair ultrasəs müayinəsi aparılıb.
Yeni Klinikada tanışlıq turu ilə başlayan tədbirin ikinci günü “100 qadın – 100 ümid” ictimai layihəsi çərçivəsində davam edib. Layihə çərçivəsində 100-dən çox qadın yerli və xarici mütəxəssislərin iştirakı ilə müayinə olunub. Zərurət yarandığı hallarda qadınlar əlavə müayinələrə də yönləndiriliblər.

Konfrans çərçivəsində həmçinin Tianjin Anti-Kanser Assosiasiyası tərəfindən Azərbaycan səhiyyə mütəxəssislərinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan təkliflər planı irəli sürülüb.